Matç çempionatın başa çatmasına iki oyun qalmış keçirilib (SSRİ-də çempionat baharda başlayır, payızda bitirdi) “Dinamo” artıq çempion idi. Rostovun SKA komandası 2-ci, “Neftçi” (o zaman “Neftyanik”) 3-cü, Moskvanın “Spartak” komandası isə 4-cü yerdə idilər. Bu komandalar gümüş və bürünc medallar uğrunda mübarizə aparırdılar.
O zaman “Dinamo”nun oyunçusu olan Viktor Serebryanikov sonralar Qordona verdiyi müsahibəsində iddia edirdi ki, oyun 80 min rubl müqabilində satılıb. Amma onun dediklərində bəzi uyğunsuzluqlar var. Məsələn, deyir ki, qapıda Rudakov idi, halbuki Bannikov olub. Sonra deyir ki, birinci hissə 2:0 “Dinamo”nun xeyrinə bitib, “Neftçi” ikinci hissədə üç qol vurub. Halbuki kiyevli Bışovets 14-cü dəqiqədə hesabı açandan sonra (şəkildəki epizod) Markarov 23-cü dəqiqədə hesabı bərabərləşdirib, Banişevski isə 37-ci dəqiqədə “Neftçi”ni irəli çıxarıb.
Bu detalları yaddaşın ayağına yazmaq olar, amma mənə inandırıcı gəlməyən başqa haldır. Serebryanikov iddia edir ki, pulları Banişevski və Markarov gətiriblər. O zaman Banişevskinin 20, Markarovun 23 yaşı olub. Belə bir işin onlara həvalə edilməsinə inanmıram. Ümumiyyətlə, belə işlər oyunçu səviyyəsində həll edilmirdi.
Oyunun isə danışılmış olmasına əminəm. Ola bilər, pul da verilib. Amma “əl əli yuyar, gələn mövsüm əl də üzü” razılaşması da ola bilər. Üstəlik, kiyevlilərin sadəcə “Spartak”ın acığına oyunu uduzmaları da mümkündür.
Növbəti iki oyunda SKA iki qələbə qazandı və ikinci yerini qoruyub saxladı. “Neftçi” növbəti oyunda Bakıda ÇSKA ilə 0:0 heç-heçə etdi. “Spartak” isə Daşkənddə “Paxtakor”u 2:1 uddu.
Son turda “Neftçi” və “Spartak” Bakıda üz-üzə qarşılaşdılar. Bakılıların 43, moskvalıların 42 xalı vardı. Ağzına qədər dolu Respublika stadionunda keçirilən oyunda Banişevskinin iki və Markarovun bir qolu sayəsində “Neftçi” 3:0 hesabı ilə qalib gəldi, ilk və son dəfə SSRİ çempionatının mükafatçısı oldu.










