Hakimiyyətdə böyük kadr dəyişikliyi baş verir?
Azərbaycan hakimiyyətində yüksək vəzifələri əhatə edə biləcək genişmiqyaslı kadr dəyişikliklərinin baş verəcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Siyasi dairələrdə yayılan məlumatlara görə, bu ilin sonunadək hökumətdə mühüm təyinatların həyata keçiriləcəyi ehtimal olunur. İddialara əsasən, hazırkı xarici işlər naziri Ceyhun Bayramov Baş nazir vəzifəsinə gətirilə biləcək əsas namizədlərdən biri hesab edilir. Bildirilir ki, Baş nazir Əli Əsədovun vəzifəsindən ayrılacağı təqdirdə, onun yerinə ən real namizədlər sırasında məhz Ceyhun Bayramovun adı ön planda çəkilir. Məlumatlarda qeyd olunur ki, mümkün ssenari reallaşacağı halda, Ceyhun Bayramovun boşaldacağı xarici işlər naziri postuna isə hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin təyin oluna biləcəyi iddia edilir. Son günlər Ceyhun Bayramov ətrafında müşahidə olunan informasiya axını da bu iddiaları daha da gücləndirib. Xaricdə fəaliyyət göstərən bəzi bloqqerlərin və müxtəlif informasiya resurslarının nazir haqqında tənqidi və kompromat xarakterli materiallar yayması diqqət çəkir. Bəzi müşahidəçilər hesab edirlər ki, bu proses təsadüfi deyil və mümkün təyinatların qarşısını almağa yönəlmiş informasiya kampaniyasının tərkib hissəsi ola bilər. İddialarda həmçinin bildirilir ki, Ceyhun Bayramovun adının Baş nazir postu ilə hallanmağa başlamasından sonra onun barəsində müxtəlif kompromat xarakterli materialların dövriyyəyə buraxılması müəyyən maraq qruplarının fəallaşdığını göstərir. Bu kampaniyada həm daxildəki müxtəlif təsir qruplarının, həm də "Rusiya xətti" kimi xarakterizə olunan xarici təsir dairələrinin iştirak etdiyi irəli sürülür. Digər tərəfdən, Hikmət Hacıyevin uzun illər Azərbaycanın xarici siyasətinin formalaşdırılmasında və beynəlxalq platformalarda ölkənin mövqeyinin müdafiəsində aktiv rol oynaması, onun diplomatik təcrübəsi və dövlət başçısının xarici siyasət üzrə əsas komandasında yer alması səbəbindən XİN rəhbərliyi üçün potensial namizəd kimi qiymətləndirildiyi də qeyd olunur. Bununla belə, nə Ceyhun Bayramovun Baş nazir təyin ediləcəyi, nə də Hikmət Hacıyevin xarici işlər naziri vəzifəsinə gətiriləcəyi barədə hər hansı rəsmi açıqlama verilməyib. Hazırda səsləndirilən bütün məlumatlar müxtəlif siyasi dairələrdə yayılan iddialara əsaslanır. Rəsmi qərar qəbul olunacağı təqdirdə, bu dəyişiklik son illərin ən diqqətçəkən hökumət islahatlarından biri kimi qiymətləndirilə bilər.