‼️☪️ Allaha, Vətənə və xalqa xidmət edən, azad Azərbaycanın ilk Şeyxülislamı - Axund Molla Ağa Əlizadə
"İrşad” qəzetinin 1906-cı il tarixli 134-cü sayında "Hamımıza dair” sərlövhəli məqalədən oxuyuruq: "Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür. Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönürsə, cəhalət çoxalırsa, səfil millət o qədər zillət və zəlalətə səbəb olur... Qeyrət, qardaşlar, qeyrət... Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət yoluna yaxmayın”. Bu məqalənin müəllifi Axund Molla Puhulla Məmmədzadədir.
Ağa (əsl adı Zeynalabdin - Nəcəfdə oxuyub gələndən sonra ona Ağa Axund deyirlərmiş) 1871-ci ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Axund Hacı Məhəmməd Cavad xeyirxah, mərhəmətli, zəhmətkeş bir ağsaqqal kimi hörmət-izzət sahibi olub. Övladlarına dini təhsillə yanaşı, dünyəvi təhsil də vermək üçün Pirşağıdan Bakıya köçür.
Atası onu daha mükəmməl təhsilə yiyələnməsi üçün onu İraqa yola salır. Ağa burada Nəcəf-Əşrəf universitetinə daxil olur. Təhsilini ləyaqətlə başa vuran Ağa Axund rütbəsi alaraq 1896-cı ildə vətənə qayıdır. İçərişəhərdə məhəllə məscidlərindən birinə təyinat alan Ağa, 1903-cü ildə Təzə Pir məscidində Axund kimi fəaliyyətini davam etdirir və 1904-cü ildə Qafqaz Müsəlmanlarının Şiə Ruhani İdarəsinə üzv seçilir. Gənc Axund, Mirmövsüm Ağanın bacısı Zeynəb xanımla evlənir.
A.Əlizadə dini işlərlə yanaşı xeyriyyə işlərinə, maarifin təbliğinə də fikir verir. 1907-ci ildə "Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradır (Bəzi mənbələrdə bu cəmiyyət Müsəlman Xeyriyyə Cəmiyyəti kimi qeyd edilir). Xeyriyyə işləri ilə məşğul olan Cəmiyyət imkansız, kimsəsiz ailələrin uşaqlarının məktəblərdə, mədrəsələrdə oxumasına yardım edir.
Yeniliyin, insanların azad və rahat yaşamasının tərəfdarı olan Ağa Axund Əlizadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük ruh yüksəkliyi ilə qarşılayır. "Allah-taalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində intişar etdirmək olar” deyən Axund, hər gün moizələrində, camaatla söhbətlərində insanları bu gənc respublikanın ətrafında sıx birləşməyə, ona dəstək olmağa çağırırdı.
O, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün gəncləri orduya getməyə ruhlandırır və xeyir-dua verirdi. 1919-cu ildə Cümhuriyyətin ildönümü münasibətilə keçirilən dövlət səviyyəli tədbirlər ilk olaraq onun xeyir-duası ilə açılırdı. İstiqlaliyyəti "böyük nemət, qənimət” adlandıran Axunda Ağa Əlizadə onun qorunmasını, yaşanmasını təvəqqə edirdi.
Əksər tədqiqatçıların fikrincə Axund öz dini fəaliyyətini, demək olar ki, gənc dövlətin möhkəmləndirilməsinə tərəf istiqamətləndirmişdi. Məhz belə fədakar fəaliyyətinə görə, o, 1918-ci ildə dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilmiş və Şeyxülislam təyin edilmişdi.
... 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı zəbt və talan etməsi Axundun da nəcib fəaliyyətinə son qoydu. Ölkədə dəhşətli və faciəli bir allahsızlar hərəkatı başladı. Dini idarələr, məscidlər bağlandı, dini mərasimlərə dövlət tərəfindən qadağalar qoyuldu, ruhanilər həbs edildi. Tanrısını tanımayanlar Tanrıya qarşı üsyana qaxdılar... Din əleyhinə aparılan bu kompaniya 1941-ci ilin sonlarına kimi davam etdi.
Böyük Vətən Müharibəsinin başlanması istər-istəməz camaatı dininə, məzhəbinə, yaradanına tərəf qaytardı. Hökumət nə qədər ağır cəzalar tədqiq etsə də, alınmadı. Ölkədəki ağır vəziyyət, cəbhəyə yönəlmiş diqqət hökuməti istər-istəməz bu məsələyə "göz yummağa” vadar etdi. Məscidlərin bağlı qapıları açıldı, din xadimlərinin üstündən veto götürüldü. 👇👇