Ərbəində Piyada yolçuluq üçün tövsiyələr
1. Piyada yola çıxdığımız andan İmam Hüseynlə (ə) mənəvi əlaqə yaratmağa çalışaq. Biz öz məşuqumuzun görüşünə gedirik. Hər an həvəsimizi artırmalıyıq ki, məqbərənin günbəzi altına çatanda və zərihi görəndə hisslərimiz bol olsun. Bu düşüncə ilə nə yorğunluğu hiss edəcəyik, nə də ayaqlarımızın ağrılarını.
2. Piyada yol gedib yorulmaqla İmam Hüseyni (ə) ziyarət etməyin ləzzəti daha çoxdur. Həzrətin ziyarətinə piyada getdikdə qəlblə ayaqlar arasında bir növ əlaqə yaranır. Yolboyu ayaqlarımız yorulduqda, yaxud yaralandıqda qəlb görüşə hazır olur. Bu anların qədrini bilək.
3. Yolboyu çox düşünək. Bir saat düşünmək bir il ibadətdən üstündür.
4. Fikirləşək ki, İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Nə üçün onun ziyarətinə gedirik? Biz Kərbəlada olsaydıq, nə edərdik? Bizim indiki vəzifəmiz nədir? İndiyə qədər nə etmişik?
5. Fikirləşək ki, İmam Hüseynin (ə) və dostlarının ailə-uşaqları bizim getdiyimiz yoldan dəfələrlə uzaq olan Şama qədər piyada, ayaqyalın, əsir vəziyyətdə və ac-susuz gediblər. İnsanın qəlbini daha çox ağrıdan onlara qarşı edilən hörmətsizliklərdir. Fikirləşək ki, indi Hüseynin (ə) ziyarətçilərinə necə hörmət edirlər!
6. Ürəyimizə müraciət etsək, Kərbəladan Şama gedən əsir karvanını aydın hiss edərik. Amma ətrafımıza nəzər salanda görəcəyik ki, nə qədər başıuca yol gedirik və hamı bizi gözəl qarşılayır. Onda öz-özümüzə deyəcəyik: Bu hara, o hara?! Bu düşüncələrdən sonra istər-istəməz düşünəcəyik: “Sənin (müsibətli) gününə gün çatmaz, Ey Əbu Abdullah!”¹
7. Bu səfər İmam Mehdi (ə) ilə birlikdə gedilən bir səfər ola bilər. Yaxşı olar ki, həzrətin yanımızda olduğunu fərz edək, onun da ziyarətə getdiyini, bizi gördüyünü və matəm sahibi olduğunu bilək.
8. Yolboyu karvanımızın adamları ilə oturduqda rövzə məclisi qurmamız yaxşı olar. Ziyarətçilərə xidmət edən heyətlərin (mokəblərin) bəzisində karvanların istifadə etməsi üçün səsucaldanlar vardır.
9. Şeytan bu səfərin insan ruhunda buraxdığı böyük təsiri minimuma endirməyə çalışır. Ona görə də, bəzilərinin yersiz zarafatlar etməsinin, başqalarını lağa qoymasının şahidi oluruq. Əgər yolboyu zikr etmək üçün dəqiq proqramımız olsa və az danışsaq, çox asanlıqla belə hərəkətlərdən uzaq dura bilərik.
10. Piyada getdiyimiz müddətdə “Subhanəllah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu-əkbər” zikrlərini daim təkrar edək. Bunlar ən yaxşı zikrlərdir. İmam Hüseynin (ə) son anlarında Kərbəlanın isti torpağı üstə dediyi sözləri demək daha yaxşıdır və insanın o həzrətlə daha yaxın ünsiyyətinə səbəb olar. Onun son sözləri bunlar idi: “İlahi! Sənin qəza-qədərinə razıyam, əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!”
11. Həzrət Əlinin (ə) məqbərəsində ikən yolboyu edəcəyimiz zikrləri tənzimləyək və ən azı, 5 min zikr, yaxud mümkün olsa, 14 min salavat deyək.
12. Yolboyu Aşura ziyarətnaməsini oxumağı unutmayaq.
13. Yemək-içməkdə ifrat-təfrit etməyək, yol gedə biləcəyimiz, ibadətlə məşğul ola biləcəyimiz qədər yeyib-içək. Çünki çox yemək qəlbin qaralmasına və mənəviyyatın azalmasına səbəb olur.
14. Ziyarət üçün piyada getməyimizin ibadət olduğunu bilək, mənəvi maraq və halla yol gedək, yolun başa çatmasına tələsməyək.
15. Əgər mümkün olsa, Kərbəlaya bir neçə kilometr qalmış yolu ayaqyalın gedək.
http://T.me/MunacatTV